ERPONA
Hüquqi

Məxfilik siyasəti

Bu sənəd iki ayrı şeyi izah edir: saytın topladığı məlumat və sistemin içindəki məlumatın kimə aid olduğu. İkisi qarışdırılmamalıdır.

Son yenilənmə: 2026-09-04

1. Sayt: erpona.app

Sayt statikdir. Aşağıdakılar yoxdur:

  • Üçüncü tərəf analitika sistemi (Google Analytics və analoqları)
  • Reklam və izləmə pikselləri
  • Kuki (cookie) - heç biri qoyulmur
  • Üçüncü tərəf skript və şriftləri - bütün fayllar öz serverimizdən verilir
  • Üçüncü tərəf analitika sistemi (Google Analytics və analoqları)

Serverin jurnalı

Hər sayt kimi, veb server sorğuları jurnala yazır: IP ünvan, tarix-vaxt, açılan səhifə, hansı saytdan keçdiyiniz və brauzerin adı. Bu, texniki zərurətdir - nasazlığı və hücumu başqa cür görmək olmur.

Həmin jurnaldan ziyarət statistikası da çıxarılır: neçə səhifə açılıb, hansıları, hansı dil versiyası, telefon yoxsa kompüter. Bunun üçün sayta heç nə əlavə edilmir - nə skript, nə piksel, nə kuki. Statistika yalnız serverin öz jurnalından oxunur və heç bir xarici xidmətə göndərilmir.

Jurnal 180 gün saxlanılır, sonra avtomatik silinir. Reklam və profil qurmaq üçün işlədilmir.

Ölçmə - öz skriptimiz

Saytda öz ölçü skriptimiz işləyir (olcu.js, bizim serverdən verilir). O, üç şeyi göndərir: açdığınız səhifə, orada keçirdiyiniz saniyə və səhifənin nə qədərini gördüyünüz. Əlavə olaraq bir neçə düymə sayılır - demo sorğusu, kalkulyator, e-poçt və telefon klikləri.

Kuki qoyulmur. Ziyarətçi nömrəsi serverdə gündə bir dəfə fırlanan hash-dir: bir gün üçün bir brauzer, insan deyil. Ertəsi gün eyni brauzer tamamilə başqa nömrə alır, yəni sizi günlərlə izləmək mümkün deyil.

Məlumat yalnız erpona.app-a - öz serverimizə - gedir və heç bir xarici xidmətə ötürülmür. Brauzerinizdə Do Not Track qoşulubsa, skript ümumiyyətlə heç nə göndərmir.

Kalkulyatorlar

Kalkulyatorlar səhifəsindəki hesablamalar tamamilə brauzerinizdə aparılır. Yazdığınız əmək haqqı və ya məbləğ serverə göndərilmir və heç bir yerdə saxlanılmır.

Saytdakı söhbət

Sağ aşağıdakı söhbət pəncərəsi bizim öz sistemimizdir - üçüncü tərəf vidcet xidməti işlədilmir. Yazdığınız mesaj bizim serverimizdə saxlanılır və Telegram botumuza ötürülür. Cavabı insan yazır; bot yoxdur.

Kuki qoyulmur. Söhbətin açarı brauzerinizdəki localStorage-da saxlanılır - o, kukidən fərqli olaraq hər sorğuda serverə göndərilmir və yalnız söhbəti açanda oxunur. Açar təsadüfi sətirdir: sizi tanımır, yalnız eyni brauzerdə söhbətin davamını göstərir. Brauzerin məlumatını təmizləsəniz və ya başqa cihazdan girsəniz, söhbət yenidən başlayır.

Mesajla birlikdə texniki məlumat saxlanılır: IP ünvan, brauzerin adı, hansı səhifədə olduğunuz və ondan çıxarılan ölkə/şəhər. Söhbət bir ildən sonra silinir.

Demo forması

Forma bizim serverimizə göndərilir. Yazdığınız məlumat - ad, şirkət, əlaqə, sahə, istifadəçi sayı və qeyd - orada saxlanılır və sorğudan xəbər tutmaq üçün bizim Telegram botumuza ötürülür. Başqa heç bir yerə getmir: üçüncü tərəf forma xidməti, CRM və ya reklam platforması işlədilmir.

Bu məlumat yalnız sorğunuza cavab vermək üçün işlədilir. Sorğu bir ildən sonra silinir; daha tez silinməsini istəsəniz info@erpona.app ünvanına yazın.

Spamdan qorunmaq üçün üç şey yoxlanılır: insana görünməyən bir sahənin boş qalması, formanın doldurulma müddəti və bir ünvandan gələn sorğu sayı. CAPTCHA yoxdur - o, üçüncü tərəf skriptidir və yuxarıdakı vədi pozardı.

2. Sistem: ERPONA quraşdırması

Sistemdəki məlumat - müştəriləriniz, işçiləriniz, sənədləriniz - sizindir. Biz onun sahibi deyilik.

Harada saxlanılır

Sistem sizin serverinizdə və ya bizim idarə etdiyimiz serverdə qurula bilər. Seçim sizindir və müqavilədə yazılır. Hər iki halda bazanın tam nüsxəsini (PostgreSQL dump + fayl anbarı) istənilən vaxt tələb edə bilərsiniz.

Bizim girişimiz

Server bizim idarəmizdədirsə, texniki dəstək üçün giriş olur və bu, müqavilədə təsbit edilir. Sizin serverinizdədirsə, giriş yalnız siz verəndə mövcud olur.

Saxlanma müddəti

Sistemdə saxlanma siyasəti mexanizmi var: müddəti bitməmiş sənəd silinmir, müddət bitəndən sonra isə arxivə keçir - silinmir. Müddəti qanunvericiliyə uyğun olaraq siz təyin edirsiniz.

Şəxsi məlumat

Sistemdə işçi və müştəri məlumatı olur. Onun toplanması və emalı üzrə məsuliyyət məlumatın sahibi kimi sizin üzərinizdədir; sistem isə rol əsaslı giriş, sətir səviyyəsində məhdudiyyət və audit izi ilə bunu texniki cəhətdən mümkün edir.

3. Əlaqə

Məlumatınıza dair sual, düzəliş və ya silinmə tələbi üçün yazın: info@erpona.app.

Operatorun tam hüquqi rekvizitləri (ad, VÖEN, hüquqi ünvan) müqavilə sənədlərində göstərilir.